
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləyib. Əsasən C və B sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4561 ləkə regionunda baş vermiş C2.8 sinifli alışma olmuşdur. Müşahidə olunan iki ləkə regionu α və β kimi sadə maqnit quruluşu göstərir. Hesabat dövründə Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmamışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 2 ləkə qrupunda 30 ləkə və yenə də Tac Dəlikləri müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli yüksək səviyyədə olmuş, 5350 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Günəş küləyinin maksimal sürəti 725 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır 425 km/san, sıxlığı 2.7 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.1 nT, radial istiqamətdə isə -2.1 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi sakit və qeyri-sabit səviyyələr arasında olmuşdur. 31 oktyabrda Tac Dəliyi Axınlarının təsiri ilə gözlənilən G1-G2 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin intensivliyini xaraterizə edən Kp indeksi 2-ni göstərir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (02-08 noyabr ) C sinif alışmanın baş verməsi ehtimalı 25%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyi sürətinin 03-04 noyabrda müsbət qütblü Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə zəifləyəcəyi və nominal qiymətlərə geri dönəcəyi, sonra isə yenidən TDA-ın təsiri ilə yüksələcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 20–20%, orta geomaqnit enliklərdə isə 15-1%-dir.
Geomaqnit sahəsi – Proqnoz dövrü ərzində geomaqnit sahəsinin sakit-aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir. Geomaqnit qasırğası gözlənilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.