
Apofis 99942 asteroidi 2029-cu il 13 aprel tarixində Yerə o qədər yaxınlaşacaq ki, adi gözlə belə görünəcək.
Asteroid 2024-cü ildə Kitt-Pik Rəsədxanasında kəşf olunub. Diametrinin təxminən 335–450 metr arasında dəyişdiyi güman edilən asteroid potensial təhlükəli asteroidlər qrupuna aiddir. O, Günəş ətrafında təxminən 0,9 ilə dövr edir. Bu isə onun orbitinin daim Yer orbiti ilə kəsişməsi deməkdir. Buna görə asteroid hazırda Günəş ətrafında dolanma dövrü bir ildən az olan Aten asteroidlər qrupuna aiddir.
Asteroidin uzunsov və iki hissəli quruluşa malik ola biləcəyi üçün asteroidin forması fıstığa bənzədilir. O, ölçüsünə və orbitinin Yer orbitinə yaxınlığına görə potensial təhlükəli asteroidlər qrupuna daxil edilsə də, hazırkı hesablamalara əsasən planetimiz üçün real təhlükə yaratmır. 2029, 2036 və 2068-ci illərdə Yerə yaxınlaşcaq asteroidin trayektoriyasını tədqiq edən astronomlar Yerlə ən azı toqquşma növbəti 100 il ərzində toqquşma rtəhlükəsinin olmadığını bildirirlər. Apofisin təxminən 7500 ildə bir dəfə Yerə bu qədər yaxınlaşdığı güman olunur. Apofis 2029-cu ildə Yerə təxminən 32 min kilometrədək yaxınlaşacaq və bu məsafə geostasionar peyklərin fırlandığı hündürlükdən belə azdır. Asteroid Avropa, Afrika və Asiyanın bəzi bölgələrindən teleskop və durbin olmadan müşahidə edilə biləcək.
Apofisin S, yəni daş tipli asteroid olduğu və az miqdarda nikel və dəmirdən təşkil olunduğu düşünülür. Asteroid yaxınlaşarkən onu fasiləsiz izləmək üçün Beynəlxalq Asteroidlərdən Müdafiə Şəbəkəsi artıq müşahidə kampaniyasına hazırlaşır. Kampaniyanın ilk mərhələsində 2027–2028-ci illərdə iri yerüstü və kosmik teleskoplardan istifadə olunacaq. Yaxınlaşma zamanı isə asteroid Günəşə çox yaxın olacağı üçün kosmik teleskoplar vasitəsilə aparılan müşahidələr daha əlverişli olacaq.
Yaxınlaşma zamanı Yerin qravitasiya təsirinin asteroidin səthində hansı dəyişikliklərə səbəb olacağını müşahidə etmək mümkün olacaq. Bu hadisə asteroidin 30,6 saatlıq fırlanma dövrünü və Günəş ətrafında dolanma müddətini dəyişə bilər. Belə ki, yaxınlaşmadan sonra asteroidin Günəş ətrafında dolanma dövrü 1.2 olacaq və o, Apollo asteroidlər qrupunda təsniflənəcək. Qravitasiya təsiri nəticəsində asteroiddə zəlzələlər və sürüşmələr baş verə bilər. Səthdəki material havaya qalxarsa, asteroidin alt qatları üzə çıxacaq və onları müşahidə etmək mümkün olacaq. 2023-cü ildə Bennu asteroidindən nümunə götürən OSIRIS-REx kosmik zondu nümunəni Yerə çatdırdıqdan sonra OSIRIS-APEX adı altında Apofis asteroidinə doğru yönəldilib. Kosmik aparat 13 aprel 2029-cu ildə asteroidə çatacaq. Aprelin 2-dən etibarən zond asteroidin fotolarını çəkməyə başlayacaq. Zond təxminən 18 ay asteroidin ətrafında qalacaq və onu tədqiq edəcək. Kosmik zond Yerin qravitasiya təsirinin yaratdığı dəyişiklikləri müşahidə etməklə yanaşı, asteroidin səthinin xəritəsini hazırlayacaq və kimyəvi tərkibini analiz edəcək. Zondun maraqlı xüsusiyyətlərindən biri onun asteroidin səthinə beş metrdən də çox yaxınlaşaraq mühərrikləri vasitəsilə toz və daşları havaya qaldıra bilməsidir. Nəticədə üst layın altında hansı materialların yerləşdiyini müəyyən etmək mümkün olacaq.
Asteroidlər Günəş sistemi yaranarkən mövcud olan ilkin materialları özündə daşıyır və güclü istilik təsirinə məruz qalmayıb. Məhz buna görə qədim göy cisimləri hesab olunurlar. Onlar 4,6 milyard il əvvəlki dövr haqqında məlumat daşıdıqlarından tədqiqi böyük əhəmiyyət kəsb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.