2025-ci ilin yanvar ayında 6 planetin iştirakı ilə böyük parad, fevral ayında isə 7 planetin qoşulduğu nadir tam planet paradı müşahidə olunmuşdu. İlin sonuncu paradı isə 10 avqustda baş verəcək.
Azərbaycanda tam sıralanma 10 avqust saat 04:08-dən başlayacaq, saat 04:50-də son planet Merkuri qoşulacaq. Saat 05:46-da isə Günəş artıq üfüqdən qalxmış olacaq. Ay, Saturn, Neptun, Uran, Venera, Yupiter və Merkuri qərbdən şərqə doğru düzüləcək. Təəəssüf ki, hal-hazırda Mars səmada Günəşdən sonra mövqeləşdiyi üçün bu paradda olmayacaq. Yupiter ilə Venera səmada yaxınlaşacaqlarından, Veneranın fonunda Yupiter o qədər də parlaq görünmür. Saturn və Uran isə zəif olduqları üçün onları adi gözlə görmək mümkün deyil, kiçik teleskopla müşahidə etmək olur. Merkuri isə Günəşə çox yaxın olduğundan müşahidəsi çətinləşəcəkdir. Avqust ayının sonunadək planetləri bir yerdə izləmək mümkün olacaq.
Qeyd edək ki, planetlərin paradı tamamilə vizual hadisədir və parad zamanı Yer səmasında onlar ardıcıl sıralasanlar da kosmosda planetlərin konfiqurasiyası tamamilə fərqli olur. Cari konfiqurasiyanı buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.