Şamaxı Astrofizika Rəsədxanasının 2 m-lik teleskopu

Teleskop Zeiss-2000 reflektoru “Carl Zeiss Jena” (Almaniya) firmasının istehsalıdır. 1964-cü ildə rəsədxanaya gətirilib və 1966-cı ildə istifadəyə verilmişdir. Coğrafi koordinatları: λ=48° 35' 50ʺE, φ=40° 46' 51ʺN. Teleskop dəniz səviyyəsindən 1435 m hündürlükdə qurulmuşdur. Kupolun və binanın xarici üst qatı temperatur izolyasiyası üçün alüminium lövhələrlə örtülmüşdür (Foto_1)

Teleskopun texniki xarakteristikası:

Teleskop qurğusu (Montirovka): alman, ekvatorial

Koordinat sistemi: 2-ci ekvatorial (α-düz doğuş, δ-meyl)

Teleskopun çəkisi: 85 t.

Kupolun diametri: 20 m.

Kupolun yarığının eni: 5 m

Kupolun çəkisi: 195 t

Binanın hündürlüyü: 29 m.

Baş güzgü

Tam diametri: 2080 mm

Effektiv diametri: 2000 mm

Fokus məsafəsi: 9 m.

Tipi: paraboloid  

Çəkisi: 2340 kg

Qalınlığı: 300 mm

Ortasındakı dəliyin diametri: 200 mm

Kasseqren və kude güzgüləri

Diametri: 580 mm 

Kasseqren güzgüsünün fokus məsafəsi: -3600 mm

Kude güzgüsünün fokus məsafəsi: -2850 mm

Çəkisi: 100 kg

Tipi: qabarıq hiperbolik

2-metrlik teleskopun əsas borusuna dimetral əks tərəflərdə 1 cüt  Axtarıcı (obyektivin diametri -110 mm, fokus məsafəsi -1130 mm, görüş sahəsi-1°) və 1 cüt Bələdçi teleskoplar (obyektivin diametri–300 mm, focus məsafəsi–7500 mm, görüş sahəsi - 15') bərkidilmişdir.

2 m-lik teleskopun optik xarakteristikası:

2 m-lik teleskop üç müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulmuşdur:

1. Baş fokus. Fokus məsafəsi F=9 m, fokal nisbət - f/4.5, faydalı görüş sahəsi 6'x6', zəif obyektlərin spektrlərinin alınması üçün nəzərdə tutulmuşdur. Korreksiya linzalarının köməyi ilə faydalı görüş sahəsini  21'x21'–yə qədər artırmaq olur və Baş fokusda səma cisimlərinin birbaşa fotoqrafiyası üçün nəzərdə tutulmuşdur. Fokal səthdə miqyas 23ʺ/mm.

2. Kasseqren fokusu. Effektiv fokus məsafəsi F=29.5 m, fokal nisbət- f/14.75, faydalı görüş sahəsi 7'x7', fokal səthdə miqyas 7ʺ/mm. 

3. Kude fokusu. Effektiv fokus məsafəsi F=72 m. fokal nisbət - f/36, faydalı görüş sahəsi 3'x3', fokal səthdə miqyas 2,8ʺ/mm.

m-lik teleskopun optik sxemi (Foto_2)

1- baş parabolik güzgü: effektiv diametri D= 2 m, fokus məsafəsi F = 9 m;

2,3 – kasseqren və  kude hiperbolik güzgüləri: diametri d =580 mm, fokus məsafəsi fkas = -3600 mm, fkude = -2850 mm;

4 - müstəvi güzgü: ölçüsü - 620x400 mm; 5 - müstəvi güzgü: diametri d=520 mm;

6 - müstəvi güzgü: diametri d=50 mm. S-ağırlıq mərkəzi, P- əks yük.

2-metrlik teleskopun modernizasiyası:

Azərbaycan  Respublikasının Prezidentinin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi çərçivəsində 2012-2013-cü illərdə Çexiya Respublikasının “Project Soft” firması tərəfindən 2 m-lik teleskopun hidravlik, elektrik sistemləri yenidən qurulmuş və idarəetmə sistemi avtomatlaşdırılmışdır (Foto_3).

2 m-lik güzgünün alüminiumlaşdırılması: (Foto_4)

2013-cü il iyun ayında teleskopa texniki xidmətin ağır bir hissəsi, 2 m-lik güzgünün yenidən alüminiumlaşdırılması, rəsədxanada fəaliyyət göstərən B-240 vakuum qurğusunda uğurla həyata keçirilmişdir. Axırıncı dəfə güzgünün səth örtüyünün yenilənməsi 1978-ci ildə Karl Zeiss Jenada (Almaniya) yerinə yetirilmişdir.

Təkrar alüminiumlaşdırma 2 m-lik teleskopun optik sisteminin effektivliyini əhəmiyyətli dərəcədə yüksəltmişdir. İndi Kasseqren fokusunda 11m ulduz ölçüsünə qədər obyektlərin yüksək dispersiyalı (R=28000), 14m ulduz ölçüsünə qədər seyfert qalaktikaların Hγ yanında 94 Å /mm dispersiya ilə etibarlı CCD spektrlərini almaq mümkündür.

 

 

 

 

Xəbərlər Elanlar