ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI HAQQINDA ÜMUMİ MƏLUMAT     


 “Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir. ...Əminəm ki, uzun illər, onilliklər bundan sonra da bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir”.

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə (17 noyabr) yaradılıb. Ancaq respublikamızda astrofizika sahəsində elmi tədqiqat işlərinin tarixi bir qədər əvvəlki illərə gedib çıxır.

Hələ 1927-ci ildə Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün daimi fəaliyyət göstərən astronomik ekspedisiya yaradılıb. Ekspedisiya respublikanın Kəlbəcər, Laçın, Şamaxı, Xızı və digər bölgələrində rəsədxana yaradılması üçün əlverişli coğrafi yer seçməli idi. Aparılan tədqiqatlar nəticəsində Şamaxının Pirqulu ərazisi bu istiqamətdə elmi mərkəzin yaradılması üçün ən əlverişli yer müəyyən olunur və 1953-cü ildə burada müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsinə qərar verilir.

Mərkəz AEA Fizika və Riyaziyyat İnstitutunun tərkibində Astrofizika şöbəsi (1954), sonradan AEA-nın Astrofizika Sektoru (1956) kimi fəaliyyət göstərir. 1953-59-cu illərdə astronomik müşahidələrlə yanaşı, gələcək rəsədxananın layihələşdirilməsi, astronomiya ixtisası üzrə kadrların hazırlanması, teleskop və avadanlıqla təchizatı, rəsədxananın strukturu və s. məsələlər üzərində ciddi iş aparılır. 1957-ci ildə Pirqulu Astronomiya Stansiyasında ilk teleskop qurulub (Xromosfer-Fotosfer Günəş teleskopu). 1959-cu ildə isə 200 mm-lik fotoelektrik teleskop istifadəyə verilməsi ilə ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapıb. 

Mərkəz 1960-cı ildən isə müstəqil elmi-tədqiqat institutu kimi AEA-nın struktruna daxil edilir. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana Böyük Qafqaz dağının şimal-şərqində Cənubi Qafqazda Bakıdan 150 km. məsafədə yerləşir (Pirqulu dağının-şərq yamacında, yüksəklik 1500 m, coğrafi koordinatları 480 35` 04" Şərq u. / 4046` 20" Şimal e.). Burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.

Şamaxı Astrofizika Rəsədxanasının ilk direktoru akademik Hacıbəy Sultanov (1960-1981) olub. Akademikin rəsədxananın yaradılması və inkişafında böyük xidmətləri var.

Şamaxı Astrofizika Rəsədxanasının təchizatında 1966-cı ilin sentyabrında istifadəyə verilən ikimetrlik teleskop (Almaniya Demokratik Respublikasının “Karl Seyss” firmasında istehsal olunub) xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan eksperimental elminin bayraqdarı sayılan bu məşhur optik teleskopun alınmasında və operativ şəkildə qurulmasında AEA-nın eks-prezidenti, akademik Yusif Məmmədəliyevin və Akademiyanın vitse-prezidenti, xalq şairi Səməd Vurğunun xüsusi rolu olub. Bundan başqa, rəsədxanada müxtəlif illərdə Üfüqi Günəş teleskopu (1962), AST-452 teleskopu (1964), AZT-8 teleskopu (1970), “Seyss-600” (1980) teleskopu istifadəyə verilib. 

1960-1980-ci illərdə Şamaxı Rəsədxanasında intensiv şəkildə astrofiziki müşahidələr təşkil olunub. Həmin illərdə respublikada astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət göstərilib. Bu məqsədlə 1976-cı ildə ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılıb. Bu günədək həmin kafedra ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayır. 1981-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilib. Rəsədxananın nəzdində ŞAR-ın Batabat Bölməsi (1973-cü il) və Ağdərə Astronomiya Stansiyası (1997-ci il) (Naxçıvan Muxtar Respublikası) yaradılıb. Qeyd edək ki, stansiya 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin tərkibində müstəqil rəsədxana kimi fəaliyyət göstərir.

Şamaxı Astrofizika Rəsədxanasının Bakı Şəhər Bölməsi (BŞB) rəsədxananın fəaliyyətinin koordinasiyasında, AMEA-nın digər strukturları ilə qarşılıqlı əlaqələrin qurulmasında mühüm rol oynayır. Rəsədxanada astronomiya tarixi muzeyi də fəaliyyət göstərir. Muzey rəsədxananın və bütövlükdə astronomiyanın təbliğində vacib rol oynayır.

Azərbaycanda astronomiyanın inkişafındakı nailiyyətlərə görə Beynəlxalq Astronomiya İttifaqı 1970-2011-ci illərdə yeni tapılmış asteroidlərə “Azərbaycan”, “ŞAR”, “Nizami”, “Cavid”, “Müslüm Maqomayev”, “Tusi”, “Ayyubguliev” adları verib. Merkuri planetində bir kraterə “Nizami”, Marsda kraterə ŞAR-ın mərhum əməkdaşı “Nadir İbrahimov”, Ayda bir kraterə isə “Nəsirəddin Tusi” adları verilib. Hazırda kiçik göy cisimlərinə, eləcə də planetlərin kraterlərinə verilmiş adların 13-ü Azərbaycanla bağlıdır. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan astronomiya elminin uğurlarının göstəricisidir.

2009-2013-cü illərdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında yenidənqurma işləri aparılıb. Cənab Prezidentin Azərbaycan elminə göstərdiyi diqqət və qayğısı nəticəsində rəsədxananın yaşayış bölməsi tamamilə yenilənmiş, onun baş korpusu əsaslı təmir olunmuş (yeni astronomiya muzeyi, böyük konfrans zalı və s. əlavə olunmuşdur), yeni laboratoriya korpusu tikilmiş və teleskoplar yerləşən binalar əsaslı təmir olunmuş, bir sıra yardımçı obyektlər (yeməkxana, qazanxanalar, yarımstansiyalar və s.) istifadəyə verilmiş, böyük həcmdə abadlıq işləri yerinə yetirilmişdir. Müasir standartlara cavab verən yeni kommunikasiya xətləri (qaz, su, elektrik enerjisi, telefon və s.) çəkilib, ikimetrlik teleskop tam modernləşdirilərək avtomatlaşdırılıb.

Astronomik güzgülərin səthinin alüminiumlaşdırılması üçün B-240 vakuum qurğusu 2007-ci ildə bərpa olunub. Onun yerləşdirilməsi üçün xüsusi bina tikilib istifadəyə verilib. 2013-cü ildə ŞAR-ın tarixində ilk dəfə olaraq güzgülərin alüminiumlaşdırılması prosesi yerli mütəxəssislər tərəfindən aparılıb. Adıçəkilən nadir qurğunun olması Şamaxı Astrofizika Rəsədxanasına təkcə öz güzgülərinin yox, eləcə də region rəsədxanalarının güzgülərinə müntəzəm olaraq alüminium qatının çəkilməsinə imkan verir. 

Rəsədxanada elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem üzrə aparılır: “Ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi” (göy cisimlərində baş verən qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi) və “Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası” (Günəş atmosferində fəal qurumların dinamika və fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası və təkamülü). Bunlardan başqa, astronomiyanın tarixi, nəzəri tədqiqatlar, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif Kosmik hava faktorlarından (Günəş fəallığı, maqnit fırtınaları və s.) asılılığı və s. problemlər üzrə tədqiqatlar da aparılır.

Rəsədxananın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən astronomiya üzrə 100-dən çox monoqrafiya, dərslik, dərs vəsaiti, kataloq, elmi-kütləvi kitablar nəşr edilib. 40 illik tarixə malik olan “ŞAR-ın Sirkulyarı” jurnalının 120 nömrəsi çapdan çıxıb. 2006-cı ildən “Azərbaycan Astronomiya Jurnalı” nəşr olunmağa başlayıb. Bununla yanaşı, Rəsədxana ingilis dilində nəşr olunan beynəlxalq səviyyəli “Sun and Geosphere” jurnalının nəşrində də yaxından iştirak edir. ŞAR-ın mövcud olduğu dövr ərzində onun əməkdaşları xarici və yerli jurnallarda 2500-dən artıq məqalə çap etdirib.

Şamaxı Astrofizika Rəsədxanasında yetişmiş alim və mütəxəssislər bu gün dünyanın bir çox ölkələrinin, o cümlədən ABŞ, İsrail, Ukrayna, Rusiya, Türkiyənin elmi müəssisələrində fəaliyyətlərini uğurla davam etdirirlər. 

Şamaxı Astrofizika Rəsədxanasında bir sıra beynəlxalq və respublika səviyyəli simpozium və konfranslar keçirilib. Bunların arasında Beynəlxalq Astronavtika Federasiyasının konqresini (1972), maqnit ulduzların tədqiqinə həsr olunmuş konfranslar (1973, 1976), SSRİ EA Astronomiya Şurasının plenumu (1984), “Tusi-800” Məclisləri (1998-2002-ci illər ərzində 8 konfrans), “Dövrülük və kosmoloji problemlər” (2003), “ŞAR-ın əsasının qoyulmasının 60 illiyinə həsr olunmuş Beynəlxalq konfrans” (2013) və başqalarını göstərmək olar. 

ŞAR-ın fəaliyyəti dövründə rəsədxana əməkdaşları bir sıra aktual mövzular üzrə xarici ölkələrin astronomları ilə birgə işlər yerinə yetirib. Günəş fizikası və Günəş-Yer problemi üzrə Rusiya, Almaniya, İsrail, Bolqarıstan, Gürcüstan və s. ölkələrin ayrı-ayrı astronomik təşkilatları ilə sıx əməkdaşlıq edilir. Ulduz fizikası istiqaməti üzrə Rusiyanın bir neçə rəsədxanasının əməkdaşları ilə birgə tədqiqatlar aparılır (Rusiya EA XAR, Moskva DU-nun Şternberq ad. Dövlət Astronomiya İnstitutu, Sankt-Peterburq DU və s.). Komet və meteorların tədqiqi üzrə Rusiya, Ukrayna, Tacikistan və s. ölkələrin astronomları ilə birgə işlər həyata keçirilir. ŞAR əməkdaşları xarici dövlətlərdə keçirilən konqress, simpozium və konfransların işində ardıcıl və fəal iştirak edir, dünya astronomlarını rəsədxanada aparılan işlər barədə məlumatlandırırlar. 


 

Xəbərlər Elanlar